Azərbaycan tarixi boyunca onun uğrunda canından keçməyə hazır olan oğullar heç vaxt əskik olmayıb. Bu oğullardan biri də yəhudi əsilli, amma əqidə və əməldə saf azərbaycanlı olan Albert Aqarunovdur. O, sadəcə bir hərbçi deyil, həm də xalq birliyinin, vətən sevgisinin simvoludur.
Doğulduğu yer – vətənə sevgi ocağına çevrildi
Albert Aqarunov 1969-cu ildə Bakı şəhərində, dağ yəhudisi ailəsində anadan olmuşdu. Onun böyüdüyü ailə Azərbaycanla nəfəs alır, bu torpağın ənənələrini yaşadırdı. Albert uşaqlıqdan cəsur, mehriban və vətəninə bağlı bir gənc kimi tanınırdı.
Tank komandirindən Milli Qəhrəmana
1992-ci il Azərbaycanın ən çətin dövrlərindən biri idi. Qarabağ müharibəsində hər qarış torpaq uğrunda döyüş gedirdi. Məhz bu dönəmdə könüllü olaraq cəbhəyə yollanan Aqarunov, tank komandiri kimi Şuşa uğrunda gedən döyüşlərdə igidliklə iştirak etdi.
Albert Aqarunovun komandirliyi ilə idarə olunan tank bir çox mühüm əməliyyatda iştirak etdi. Onun sükanı arxasında göstərdiyi şücaət düşmənə qorxu, silahdaşlarına isə güvən verirdi. 1992-ci il mayın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına həlak oldu. Onun şəhidliyi Azərbaycan xalqı üçün böyük bir itkidir, lakin eyni zamanda, vətənə sonsuz sədaqətin rəmzidir.
Vətənə sədaqət – kimlikdən üstün
Albertin həyatının ən yadda qalan anlarından biri jurnalistlə verdiyi qısa, lakin təsirli müsahibədir. Jurnalistin "Səni burda döyüşməyə nə vadar edir?" sualına o, belə cavab verdi: “Mən bu torpaqda doğulmuşam, burada yaşayıram, daha heç nə məcbur etmir”.
Bu cavab vətənə sədaqətin, torpaq sevgisinin, millət anlayışının qanla deyil, ruhla ölçüldüyünün sübutudur.
Əbədiyaşar xatirə
Onun xatirəsi bu gün Bakıda ucaldılan heykəldə, adına verilmiş məktəblərdə, küçələrdə və ən əsası – Azərbaycan xalqının ürəyində yaşayır. Albert Aqarunovun qəhrəmanlığı bizə göstərdi ki, vətən sevgisi hər millət, hər din üçün eyni müqəddəsliyə malikdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
David Seliverstov
Ümumisrail Qafqaz Yəhudilərin Assosasiyası, Azərbaycan nümayəndəsinin Sədri, Magen David Azərbaycannın sədri