London görüşü başa çatıb...

23 Aprel 2025 19:19 (UTC+04:00)

…Çərşənbə günü, aprelin 23-də Londonda “istəklilər koalisiyası”na daxil olan ölkələrin milli təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşavirləri ilə görüş keçirilib.

SİA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib.

O qeyd edib ki, görüş zamanı tərəflər Ukraynada ədalətli sülhə nail olmaq üçün gələcək müntəzəm məsləhətləşmələr barədə razılığa gəliblər, həmçinin ABŞ prezidenti Donald Trampın sülh səylərinə sadiqliyini qeyd ediblər.

Yermakın sözlərinə görə, görüş Britaniya Xarici İşlər Nazirliyinin rəsmi iqamətgahında baş tutub.

Ukraynanı xarici işlər naziri Andriy Sibiqa, müdafiə naziri Rustem Umerov və Ukrayna Prezident Aparatının rəhbəri təmsil edib.

Danışıqlarda Böyük Britaniyanı baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauel təmsil edib.

Fransa tərəfdən Prezidentin diplomatik müşaviri Emmanuel Bonn, Almaniya tərəfdən isə kanslerin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Yens Plötner iştirak edirdi…

Əli Babayev