Xəzər Siyasət Mərkəzinin tədqiqat direktoru Erik Rudenşold Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında Trans-Xəzər bağlantısında əvəzolunmaz rol oynadığını deyib.
SİA-nın məlumatına görə, o, AZƏRTAC-a verdiyi açıqlamada Azərbaycanın Trans-Xəzər dəhlizinin əsas dayağı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan Xəzər dənizi üzərindən hərəkəti təmin etməklə yanaşı, Gürcüstan və Türkiyə vasitəsilə Qara dənizə çıxışı birləşdirir. E.Rudenşold əlavə edib ki, Azərbaycan həm yükdaşıma, həm də enerji sahəsində bu proseslərin əsas hərəkətverici qüvvəsidir.
Avropa üçün strateji enerji tərəfdaşı kimi Azərbaycanın rolundan danışan Rudenşold ölkəmizin neft-qaz sahəsində əsas oyunçu olduğunu qeyd edərək deyib: “Azərbaycan Avropada sabit enerji təchizatçısı kimi çıxış edən və bu ölkələrin Rusiyadan asılılığını azaltmağa köməklik göstərən mühüm tərəfdaşdır”.
Erik Rudenşold, həmçinin Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə birlikdə yaşıl enerji sahəsində əməkdaşlıq etdiyini və bu istiqamətdə inkişafın bölgə üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
Orta Dəhlizin uğuru baxımından Azərbaycanın logistika və infrastruktur imkanlarını dəyərləndirən E.Rudenşold Azərbaycanın bu dəhlizin ən vacib elementlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, Qazaxıstandan və Türkmənistandan gələn bütün yüklər Bakı Limanında cəmləşir. Bakı Limanının inkişafı isə yüklərin daha sürətli və səmərəli şəkildə tranzitini mümkün edir. Rudenşoldun fikrincə, əgər Ermənistanla sülh əldə olunarsa, bu, Orta Dəhliz üzrə yükdaşımaların iki dəfə artmasına imkan verəcək əlavə bir dəmir yolu xəttinin istifadəyə verilməsi ilə nəticələnə bilər. O, Azərbaycanın bölgədəki digər ölkələr üçün də yeni imkanlar yaradaraq regional inkişafın önündə getdiyini bildirib.