"ADNA-da olan terror hadisəsi dəhşətli bir hadisə idi" - POLİTOLOQ DANIŞDI

23 Aprel 2025 17:08 (UTC+04:00)

"ADNA-da olan terror hadisəsi dəhşətli bir hadisə idi və bütün terror hadisələri qınağa layiqdir. Onu törədən qüvvələr hamısı demək olar ki, Azərbaycan xalqının düşmənləridir. Çünki Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıdanda suveren siyasət yeritməklə çox böyük irəliləyiş əldə etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Ulu Öndərin fəaliyyətindən sonra İlham Əliyev də, o siyasət daha da gücləndirdi: "Təbii ki, dünya sistemində elə qüvvələr müstəqil dövlətlərin irəliləyişini, onların inkişafını normal tərzdə həzm edə bilmirlər. Müxtəlif gedişlərlə çalışırlar ki, o hərəkətlərin qarşısını alsınlar və insanların fikirlərini yayındırsınlar. Onları düz yoldan yanlış yollara sövq etsinlər. Bu terrorun əlbəttə ki, arxasında ilk növbədə düşmən qüvvələrin məkrli niyyətləri dururdu. Çalışırdılar ki, Azərbaycana müxtəlif tərzdə mesajlar göndərsinlər.

Bəli, bu çox dəhşətli hadisə idi və onun acısını indiyə kimi biz yaşayırıq.
Erməni terrorçuları türkiyəli diplomatları hədəfə alırdı. Konkret ünvanlarda terror aktlarını törədirdi. Artıq son illər ərzində terror demək olar ki, ünvansız bir xarakter alıb.
Məsələn, bir nəfər ticarət mərkəzində partlayıcı kəməri belinə bağlayıb durur və çalışırki olduğu ərazidə qurbanlar çox olsun. İnsanları fəaliyyətdən soyutmağa çalışırlar, əsasən də ev dustağı olmağa sövq edirlər.
Azərbaycanın da payına o düşdü ki, düşmən çalışdı ki, psixotrop maddələrin təsiri altında bir neçə başı pozuq adam bir şəxsi silahla təmin eləyib, dinc insanları qətlə yetiriblər. Biz anladıq ki, bu düşmənin dəst xəttidir. Azərbaycanın inkişafını, onun dirçəlişini onun suveren siyasət yürütmə qabiliyyətini istəmir və onunla razılaşmırlar.
Azərbaycan artıq xırda dövlət deyil, orta güc səviyyəsində inkişaf etmiş bir məmləkətdir. Öz sözünü deyir və heç kəsə də imkan vermir ki, bizim xalqımızı özgə oyunlarına cəlb etsinlər. Biz yolumuzu seçmişik və yolumuza da davam edirik.