Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar “Bakının baharı” adlı klassik musiqi konserti keçirilib. SİA xəbər verir ki, metronun Gənclik” stansiyasının yaxınlığındakı yenicə istifadəyə verilən istirahət parkında açıq havada keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu “Archi” Kamera Orkestrinin ifasında musiqi əsərləri səsləndirilib.
Konsert zamanı səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-foto materiallar nümayiş etdirilib.
Eyni zamanda Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev kimi dahi Azərbaycan bəstəkarlarının unudulmaz bəstələri ilə yanaşı dünya şöhrətli Antonio Vivaldinin də əsərləri ifa edilib, Ulu Öndərin sevimli xalq mahnısı olan “Küçələrə su səpmişəm” mahnısı səsləndirilib.
Konsertə Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla yekun vurulub.