Aprelin 23-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Qəbələ rayon təşkilatı tərəfindən “Ulu Öndər Heydər Əliyev konstitusiyamızın memarıdır” mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, YAP Qəbələ rayon təşkilatının qərargahında keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin vacibliyindən danışıb. O, qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşmış fundamental bir sənəddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamızın ruhuna və məqsədlərinə uyğun şəkildə dövlətimizin tam suverenliyinin təmininə xidmət etmişdir. Daha sonra partiya sıralarına yeni qəbul olunananlara üzvlük vəsiqələri təqdim edilib.
Yap Qəbələ rayon təşkilatının sədr müavini Anar Şirinov qeyd edib ki, dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib.
Çıxış edən partiya fəalı Esmira Əsədova bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır.
Partiya fəalı Fatimə Tağıyeva çıxışında qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.
Daha sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.