"Azərbaycanla Çin arasında əlaqələrin dərin tarixi var" - MÜNASİBƏT BİLDİRİLDİ

23 Aprel 2025 14:43 (UTC+04:00)

"Azərbaycanla Çin arasında əlaqələrin dərin tarixi var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, hələ 2500 il əvvəl tarixi “İpək yolu” vasitəsilə xalqlarımız arasında formalaşan mədəni və ticari əlaqələr sonrakı dövrdə də mütəmadi olaraq müxtəlif sahələrdə inkişaf edib və möhkəmlənib: "Azərbaycanın digər ölkələrlə olduğu kimi Çinlə də əlaqələri qarşılıqlı faydalılıq və etimad prinsiplərinə əsaslanır. Hər iki ölkə bir-biri üçün olduqca önəmli tərəfdaşdır. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir, belə ki, ÇXR Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıyıb. Keçən dövr ərzində Bakı – Pekin münasibətləri tarixi ənənə və müasir geosiyasi reallıqlar fonunda dinamik şəkildə inkişaf edib.
Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, Azərbaycan isə öz növbəsində Tayvanla bağlı məsələlərdə Çinin prinsipial mövqeyini müdafiə edərək “Vahid Çin” prinsipinə dəstəyini ifadə edib. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Azərbaycanla Çin arasında münasibətlərin inkişafında ən mühüm mərhələlərdən biri, şübhəsiz ki, 2023-cü ilə təsadüf edir. Həmin il iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Bundan sonra Azərbaycan-Çin münasibətləri daha da inkişaf etməyə başladı. Təsadüfi deyil ki, bu gün Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır və ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşür. Çin ölkənizin dördüncü böyük ticarət tərəfdaşıdır və əsas idxal mənbəyi qismində çıxış edir.

Ölkəmizin “Bir kəmər, bir yol” layihəsinə verdiyi önəm də Azərbaycan ilə Çin arasındakı münasibətlərdə xüsusi yer tutur. Azərbaycanda həyata keçirilən nəqliyyat və infrastruktur layihələri “Bir kəmər-bir yol” təşəbbüsünün həyata keçirilməsinə mühüm töhfə verdiyi üçün Orta Dəhliz Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün təhlükəsiz və sərfəli alternativ marşruta çevrilib. Özü də burada yalnız Qərb-Şərq istiqaməti nəzərdə tutulmur - ÇXR-in Sədri Si Cinpinin vurğuladığı kimi, Azərbaycan Şimal-Cənub istiqamətində də vacib rol oynaya bilər. Azərbaycana çatan istənilən malı hər iki istiqamətdə daşımaq mümkündür. Bununla da, həm Qərb dövlətlərinin, həm də Uzaq Şərq ölkələrinin dünyanın müxtəlif regionları ilə ucuz, rentabelli əlaqələr yaratmaq imkanı meydana gəlir.

Digər vacib məqam da Çinlə yaşıl enerji sahəsində strateji tərəfdaşlığın perspektivləri ilə bağlıdır. Çin şirkətləri ilə ölkəmizə birabaşa yaşıl enerji sahəsində yatırımlar qoyulması üçün aktiv danışıqlar aparılırdı və dünən biz artıq bu istiqamətdə müvafiq sazişlərin bağlandığına şahidlik etdik. Prezidentin Çinə səfəri çərçivəsində ölkəmizin Energetika Nazirliyi ilə Çin şirkətləri arasında bir sıra sənədlər imzalandı. 100 MVt gücündə Qobustan günəş elektrik stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi, dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, “Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu, Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumunun imzalanması enerji sahəsində əməkdaşlığın inkişafına böyük təkan verməklə yanaşı ölkəmizin enerji potensialını da gückləndirəcək.
Çinin dünyanın supergüclərindən biri olduğunu, eləcə də dünyanın ikinci və sürətli şəkildə inkişaf edən iqtisadi gücü olduğunu nəzərə alaraq deyə bilərik ki, Prezident İlham Əliyevin Çinə səfəri və ümumiyyətlə iki ölkə arasında münasibətlərin inkişafı olduqca əhəmiyyətlidir".

"Elə Prezidentin Çinə səfəri çərçivəsində artıq imzalanmış saziş və müqavilələr də onu sübut edir ki, bu səfər Azərbaycanla Çin arasında münasibətlərin daha üst səviyyəyə qaldırılmasına imkan verəcək. Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyev və Çin lideri Si Cinpin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayıblar. Bundan savayı, Azərbaycanla Çin arasında vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş, humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu, texniki-iqtisadi əməkdaşlıq haqqında saziş, elm və texnologiya sahələrində əməkdaşlıq haqqında protocol, 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında Protokol, kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu, “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı, yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair Anlaşma Memorandumu, sənaye sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, beynəlxalq multimodal daşımalar haqqında Saziş, maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair Anlaşma Memorandumu, Naxçıvan və Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu kimi mühüm sənədlər imzalandı" - deyə o, əlavə edib.