Azərbaycanda istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin məqsədləri və dövlətin vəzifələri müəyyənləşdirilir. SİA-nın xəbərinə görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, istilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri aşağıdakılar olacaq:
- istilik təchizatının etibarlılığı və təhlükəsizliyi;
- idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;
- istilik təchizatı subyektlərinin şəbəkədən, o cümlədən təbii inhisar subyektinə məxsus şəbəkədən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması;
- qabaqcıl texnologiyalar və mütərəqqi təcrübə əsasında dayanıqlı inkişafın təmin edilməsi;
İstilik təchizatı sektorunda dövlət tənzimləməsinin əsas məqsədləri aşağıdakılar olacaq:
- enerji təhlükəsizliyinin təmin edilməsi;
- istilik təchizatı subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;
- istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz istilik təchizatının təmin edilməsi.
İstilik təchizatı sektorunda dövlətin vəzifələri aşağıdakılar olacaq:
- özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;
- əlverişli investisiya mühitinin yaradılması;
- rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;
- istilik təchizatı subyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
- istehlakçıların hüquqlarının müdafiəsi;
- istilik təchizatı sektorunda təbii inhisar sahəsində fəaliyyətin tənzimlənməsi;
- istilik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi;
- enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;
- ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
- dövlət nəzarətinin həyata keçirilməsi;
- istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin, həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi.
Bundan əlavə qanun layihəsində həmçinin istilik təchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələri də təsbit edilir.
Belə ki, istilik təchizatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) balansında olan istilik təchizatı obyektlərinin saxlanılması, istismarı, cari və əsaslı təmiri ilə bağlı, tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik enerjisi itkilərinə yol verilməməsi üçün tədbirlər görəcək, dövlət mənzil fondu binalarında və sosial-mədəni təyinatlı obyektlərdə payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin edəcək.
İstilik təchizatı sahəsində yerli özünüidarəetmə orqanları balanslarında olan istilik təchizatı obyektlərinin saxlanılması, istismarı, cari və əsaslı təmiri inkişafı ilə bağlı, tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik itkilərinə yol verilməməsi üçün tədbirlər görəcək, bələdiyyə mənzil fondu binalarında payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin edəcək.