"Çox təəssüf ki, Azərbaycanın bu sabit və sakit dövründə bəzən belə acı xəbərləri eşidirik". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, illər əvvəl Neft Akademiyasında baş vermiş bu terror hadisəsi, həqiqətən də, bütün Azərbaycanı silkələdi: "Sadəcə ona görə yox ki, bir başıpozuq, beyni yuyulmuş gənc, günahsız gənc insanları qətlə yetirdi, terror əsdirdi. Eyni zamanda ona görə narahat olduq ki, Azərbaycan kimi rahat, sakit və sabit bir ölkədə belə bir hal baş verdi. Əlbəttə, bu kimi hallar ölkəmizin daxili sabitliyini pozmaq və insanlarda davamlı qorxu hissi yaratmaq üçün həyata keçirilir. Düzdür, hüquq-mühafizə orqanlarımız kifayət qədər çevik, diqqətli və sayıqdır. Amma bəzən belə hadisələr baş verir və bu da insanları ciddi şəkildə narahat edir. Ona görə də düşünürəm ki, yalnız dövlət qurumları deyil, hər bir vətəndaş da belə halların qarşısını almaq üçün diqqətli olmalıdır. Yəni gözümüz hər yerdə olmalıdır, hər şeyə diqqət yetirməliyik – həm öz davranışlarımıza, həm də başqalarının hərəkətlərinə. Əgər şübhəli bir vəziyyət görsək, dərhal müvafiq qurumlara məlumat verməliyik.
Təəssüf ki, Azərbaycanda bəzən belə məlumat verən insanlara pis baxılır. Halbuki dünyanın ən inkişaf etmiş ölkələrində vətəndaş məsuliyyəti adlı bir anlayış var və bu məsuliyyət həmin ölkələrin daha təhlükəsiz olmasına xidmət edir. Bu baxımdan bizim insanlarımızın da daha məsuliyyətli olmasına ehtiyac var. O terror hadisəsində həyatını itirənlərə bir daha rəhmət diləyirəm. Əlbəttə ki, terrora sövq edən və ona səbəb olan hər kəsi də lənətləyirəm".