"Psixoloji termin olaraq Qərarsızlıq - Abulomania deməkdir". Bu sözləri SİA-ya açıqlamasında Psixoloq Psixoterapevt Orxan Şəfizadə deyib.
O bildirib ki, hər bir insan zaman-zaman qərarsızlıqla üzləşir: "Bəzən ən sadə seçimlər belə – nə geyinmək, kimə zəng etmək və ya hansı işi öncə yerinə yetirmək bizi çıxılmaz vəziyyətə sala bilər. Lakin bu vəziyyətin arxasında duran səbəbləri anlamaq, onu aradan qaldırmaq üçün ilk və ən vacib addımdır.
Qərarsızlığın başlıca səbəbləri:
1. Daxili qorxular: Səhv etmək, tənqid olunmaq və ya nəticələrin istənilməyən olması kimi qorxular insanı qərar verməkdən çəkindirir. Bu qorxular bəzən uşaqlıqdan gələn tərbiyə və təcrübələrlə formalaşır.
2. Perfeksionizm: Hər şeyi mükəmməl etmək istəyi insanı uzun-uzadı düşünməyə və qərar vermək əvəzinə təxirə salmağa sövq edir.
3. Özünə inamsızlıq: Öz potensialına inanmamaq, öz düşüncələrinə güvənməmək, insanı daim başqalarının fikrinə ehtiyac duymağa vadar edir.
4. Məlumat bolluğu: Müasir dövrdə bir qərar üçün çoxlu informasiya əldə etmək mümkündür. Bu bolluq isə bəzən informasiyanın süzgəcdən keçirilməsini çətinləşdirir və nəticədə qarışıqlığa səbəb olur.
Çıxış yolu nədir?
Duyğularını tanı və qəbul et: Qərarsız olduğun anlarda hansı hissləri yaşadığını müəyyənləşdir. Qorxu, narahatlıq və ya qeyri-müəyyənliklə üzləşmək ilk addımdır.
Kiçik addımlarla başla: Böyük qərarları daha kiçik və idarəolunan hissələrə böl. Bu, yükü azaldar və prosesi sadələşdirər.
Səhv etmək hüququnu özünə ver: Səhv etmək insanidir. Hər qərar mükəmməl olmaq məcburiyyətində deyil. Əsas odur ki, sən hərəkət edirsən və təcrübə qazanırsan.
Dəyərlərinə fokuslan: Hansı qərarın sənin dəyərlərinə, məqsədlərinə və daxili rahatlığına daha uyğun olduğunu müəyyənləşdir. Bu zaman xarici səslər səni az narahat edəcək.
Təcrübə topla və güvən yarat: Davamlı kiçik qərarlar verərək, özünə olan inamı artır. Hər dəfə uğurlu və ya uğursuz bir seçim belə sənə özünü daha yaxşı tanımaq fürsəti verir".