Kənd Təsərrüfatı Nazirliyi balıqçılıq sahəsində səmərəli fəaliyyətin təşkil edilməsi məqsədi ilə Tədbirlər Planı hazırlayır. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - aqrar sektorda sahibkarlığın inkişafına həsr edilmiş ictimai dinləmədə bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 19-da balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Bu fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb. Mərkəz balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.