Almaniyada ifrat sağçı AfD partiyasının reytinqi rekord səviyyəyə yüksəlib

23 Aprel 2025 08:15 (UTC+04:00)

Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası ictimai rəydə dəstəyini artıraraq yeni rekorda imza atıb. SİA “Welt” televiziyasına istinadla xəbər verir ki, “Forsa” institutunun RTL və NTV telekanalları üçün apardığı son ictimai rəy sorğusunun nəticələrinə əsasən, AfD ilk dəfə olaraq 26 faiz səslə ölkədə birinci partiyaya olub. Bu nəticə partiyanın indiyədək qeydə alınmış ən yüksək göstəricisidir. AfD-nin reytinqi bir həftə ərzində 2 faiz artıb. İkinci yerdə 25 faizlə Xristian İttifaqı (CDU/CSU) qərarlaşıb. Sosial Demokrat Partiyası (SPD) respondentlərin 15, Yaşıllar Partiyası 11, Sol Partiya isə 10 faizinin səsini alıb. Sol populist Sahra Vaqenknext İttifaqı (BSW) və Azad Demokratlar Partiyası (FDP) hər biri 4 faiz səviyyəsində qalıb. Sorğunun nəticələrinə əsasən, CDU/CSU və SPD-nin mümkün birgə hökumət qurması üçün kifayət qədər dəstəyi yoxdur.

AfD-yə səs verənlərin əsas motivləri arasında hazırkı hökumətə etiraz və siyasi sistemə inamsızlıq ön plana çıxır. Respondentlərin 35 faizi AfD-nin siyasi baxışları ilə razı olduqlarını bildirib, 19 faizi ümumilikdə siyasi sistemə qarşı çıxışı əsas səbəb kimi göstərib. Təxminən 40 faiz isə əsasən etiraz məqsədilə AfD-yə səs verib.

Fevralın 23-də keçirilmiş növbədənkənar federal seçkilərdə ikinci partiya olan AfD 20,8 faiz səs almışdı. Hazırda partiyanın seçici potensialı 30 faizdən də yuxarı qiymətləndirilir. Bu rəy sorğusunda isə əlavə 12 faiz gələcəkdə AfD-yə səs verə biləcəyini deyib. Bu göstərici Almaniyanın şərqində 18, qərbində isə 11 faizdir.