Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir. Məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Layihə çərçivəsində Akademik Milli Dram Teatrının "Şükriyyə" tamaşası Mingəçevir Dövlət Dram Teatrında nümayiş olunub.
SİA-nın məlumatına görə, teatrdan bildirilib ki, yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarova, Vəfa Rzayeva, Şəlalə Şahvələdqızı, aktyorlar Afət Məmmədova, Rada Nəsibova, Ləman İmanova, Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Aylin Həşimova, Lalə Süleymanova, Nəzrin Abdullayeva, Elsevər Rəhimov və Tural İbrahimov çıxış ediblər.
Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.
Qeyd edək ki, tamaşa Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır.
O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin arvadı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə – əmək koloniyasına göndərilib.
Nümayişin sonunda çıxış edən Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan səfəri ölkənin teatr həyatı üçün əlamətdar hadisə kimi dəyərləndirib və Akademik Milli Dram Teatrına təşəkkür diplomu təqdim edib.