"Azərbaycanda 3-cü MDB oyunları keçiriləcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Bakı ilə yanaşı Gəncədə, digər regionlarda da bu yarışın keçirilməsi planlaşdırılır: "Hesab edirəm ki, bu oyunların keçirilməsi dostluğa, həmrəyliyə hesablanmışdır. Azərbaycan MDB məkanında aparıcı dövlətlərdən biridir. Bir sıra MDB-yə üzvü dövlətlər ilə yaxın münasibətləri vardır. Xüsusilə, Rusiya, Belarus Respublikası, Mərkəzi Asiyada yerləşən türkdilli qardaş dövlətlər burada xüsusi önəm kəsb edir.
Bu oyunlar dostluq və həmrəyliyin möhkəmləndirilməsi abu havasında keçiriləcək. Azərbaycan digər mötəbər tədbirlərə uğurla ev sahibliyi edib. Azərbaycanda mədəniyyət, incəsənət və idman sahəsində çox böyük tədbirlər keçirilmişdir. Sonuncu belə qlobal, mötəbər tədbir BMT-nin COP29 iqlim dəyişikliklərinə həsr olunmuş sammiti idi. Bu tədbirdə də çox saylı dövlət və hökümət başçıları, ekspertlər, ekoloqlar, siyasətçilər iştirak edirdilər. Düşünürəm ki, 3-cü MDB oyunlarına da böyük maraq olacaqdır. Azərbaycan bir tərəfdən həm yüksək təşkilatçılıq qabiliyyəti ilə seçiləcəkdir, həm də şəffaf, gərgin mübarizə şəraitində idman oyunları təşkil olunacaqdır.
III MDB Oyunları 2025-ci ildə “Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” elan edilən Gəncə şəhərində və ölkənin daha 6 şəhərində keçiriləcək. Sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək yarışlar 23 idman növünü əhatə edəcək. Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcək".