“2009-cu ilin aprelində Bakıda törədilmiş dəhşətli terror birmənalı şəkildə Azərbaycanın güclənməsinin qarşısını almaq üçün həyata keçirilmiş xain plan idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: “Həmin qüvvələr Azərbaycanın siyasi və iqtisadi baxımdan güclənməsinin, Qafqazın lider dövlətinə çevrilməsinin, dünya çapında nüfuzunun artmasının Qarabağın azadlığı ilə nəticələnəcəyini dərk edirdilər. Onlar Prezident İlham Əliyevin uğurlu siyasətinin 1991-94-cü illərdə işğal edilmiş torpaqlarımızın azad edilməsinə yönəldiyini həmin vaxtlardan başa düşürdülər və bunu ləngitmək, mane olmaq üçün əllərindən gələn hər naqisliyi edirdilər. Bu yaramaz əməllərdən biri də qeyd edilən terror idi.
İstintaqla da sübuta yetilib ki, Gürcüstan vətəndaşı, uzun illər Rusiyada yaşamış, kriminal çevrələrlə də əlaqəsi olan Fərda Qədirov milliyyətcə erməni olan Mardun Qumaşyanın sifarişi ilə ADNA-dakı terroru törədib. 12 nəfəri xüsusi amansızlıqla öldürüb, 13 nəfəri ağır yaralayan Fərda Qədirov sonuncu gülləsini özünə vuraraq, intihar edib.
Onun sonda özünü də vurması əvvəlcədən aldığı təlimat idi, terrorun sifarişçilərini gizlətməyə hesablanmışdı...
Bu terror törədilən ərəfədə Azərbaycan iqtisadiyyatında böyük yüksəlişlər baş verirdi. Neft bumu yaşanırdı və büdcəmizə böyük pullar daxil olmağa başlamışdı. Təbii ki, güclənən, varlanan Azərbaycan bədxahlarımızı narahat edirdi, onlar məhz Neft Akademiyasında terror təşkil etməklə siyasi mesajlar verir, dövlətimizi öz haqq yolundan döndərməyə, təsir göstərməyə çalışırdılar.
Lakin Prezidentimizin iradəsi, usta siyasi gedişləri ilə bu cür xain təhdidlər heç bir nəticə vermədi. Azərbaycan doğru yolla getdi və güclənərək Qarabağımızı işğaldan azad etdi, suverenliyini tam bərpa etdi. Azərbaycan bir daha sübut etdi ki, onun müstəqil siyasətinin qarşısını heç bir yolla almaq mümkün deyil. Bu yol təbii ki, asan deyildi. Amma Prezidentin müdrik siyasətinin, xalqımızın müdrikliyinin nəticəsində bunu bacardıq”.
Ayşən Vəli