Azərbaycanın tarixi-mədəniyyət abidələrinin iş adamlarının istifadəsinə verilməsi təklif olunur. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Səyyad Salahlı parlamentin bugünkü iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişikliklərin müzakirəsi çıxış edib.
Onun sözlərinə görə, abidələrin əksəriyyəti dağılmaq təhlükəsi ilə üz-üzədir:
“Məsələn, hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrdən gündə bir kərpic düşür. Çünki abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Onlar da abidələri bərpa edə və həmin məkanda hansısa bir fəaliyyətlə məşğul ola bilərlər. Bunun başqa yolu yoxdur. Əgər məsələ qaldırırıqsa, bundan sonrakı vəziyyəti dədüşünməliyik. Tutaq ki abidələri pasportlaşdırdıq, bəs sonra?"
Spiker Sahibə Qafarova isə bildirib ki, abidələrə nəzarət Azərbaycan hökumətinin səlahiyyətindədir.
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov da deputata cavabında qeyd edib ki, abidələrin pasportlaşdırılması vahid qaydada həyata keçiriləcək.
Deputat Şahin Seyidzadə vurğulayıb ki, gələcəkdə elektron qeydiyyat sisteminin yaradılması və abidələrin beynəlxalq, dövlət və yerli əhəmiyyətli olmaqla təsnifatlaşdırılması nəzərdə tutulur.