"Dövlət qurumlarının fiskal məsuliyyəti lazımi səviyyədə deyil" - Vüqar Gülməmmədov

22 Aprel 2025 13:11 (UTC+04:00)

Fiskal intizamın gücləndirilməsi ali audit orqanlarının fəaliyyətində əsas prioritetlərdən biridir. SİA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

“Bu hədəfə çatmaq üçün kənar dövlət maliyyə nəzarəti tədbirləri və büdcələrə təqdim olunan rəy vasitəsilə fasiləsiz fəaliyyət göstəririk. Lakin aparılan institusional dəyişikliklərə və nəzarət orqanlarının davamlı işinə baxmayaraq, dövlət qurumlarında fiskal məsuliyyətin hələ də lazımi səviyyədə artmadığı müşahidə olunur”, – deyə o bildirib.

Palata sədri qeyd edib ki, bu vəziyyət bir sıra amillərlə, o cümlədən dövlət vəsaitlərindən istifadə zamanı məsuliyyət bölgüsünün düzgün aparılmaması, daxili nəzarət mexanizmlərindəki boşluqlar və intizam risklərinin yetərincə qiymətləndirilməməsi ilə bağlıdır.

“Qeyd edilən çatışmazlıqların aradan qaldırılması dövlətin maliyyə resurslarının daha səmərəli və rasional istifadəsinə şərait yaradacaq”, - deyə o əlavə edib.