Dövlət Xidməti büdcəyə ödəmələri 65 %-dən çox artırıb

22 Aprel 2025 12:39 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) bu ilin yanvar-mart ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 50,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib. SİA dövlət xidmətinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 65,2 % çoxdur.

Məlumata görə, bu ilin yanvar-mart ayları ərzində 11 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 223 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin birinci rübündə hərraca çıxarılmış dövlət əmlakı üzrə 71 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 12 onlayn qoşulma reallaşıb.

Cari ilin ilk 3 ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 40,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87,9 % çoxdur.

Bildirilib ki, bu ilin birinci rübündə 137-si qeyri-yaşayış, 847-si isə torpaq sahələri üzrə olmaqla 984 yeni icarə müqaviləsi bağlanılıb.

Hesabat dövründə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 10,4 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % artım qeydə alınıb.