ADB çay hövzələrinin dayanıqlılığını artırmağa kömək edəcək

22 Aprel 2025 12:38 (UTC+04:00)

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın da iştirakçısı olduğu “Dayanıqlı Çay Hövzələri üzrə Təşəbbüs” adlı regional layihənin həyata keçirilməsi üçün 1,8 milyon ABŞ dolları məbləğində texniki yardım ayırmağı planlaşdırır. SİA xəbər verir ki, ADB-nin təşəbbüsü ilə həyata keçiriləcək layihə Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Asiya-Sakit okean hövzəsinə daxil olan digər ölkələr də daxil olmaqla 20-dən çox dövləti əhatə edir.

Maliyyələşdirmə ADB-nin xüsusi texniki yardım fondu vasitəsilə iki mərhələdə təmin olunacaq: birinci tranş 1,3 milyon ABŞ dolları, ikinci tranş isə 500 min ABŞ dolları təşkil edəcək.

Layihənin əsas məqsədi çay hövzələrinin dayanıqlılığını gücləndirmək və eyni zamanda su və ərzaq təhlükəsizliyini artırmaqdır. Bu çərçivədə, çay hövzələrinin sağlamlığına təhdid yaradan kəskin, xroniki və sistemli amillərin qiymətləndirilməsi üzrə tədqiqatlar aparılacaq. Həmçinin iştirakçı ölkələrə siyasi, institusional və texniki investisiya imkanlarının müəyyənləşdirilməsində məsləhət xidməti göstəriləcək.

Proqrama, eyni zamanda, yeni investisiya layihələrinin hazırlanması, region ölkələri arasında bilik və qabaqcıl təcrübələrin mübadiləsi də daxildir.

ADB bildirir ki, iqlim dəyişikliyi və insan fəaliyyəti nəticəsində yaranan ekstremal hava hadisələri artıq regionda dayanıqlı inkişafa, su təchizatı və sanitariya şəraitinə ciddi mənfi təsir göstərir. Dünyada baş verən bütün təbii fəlakətlərin 40 %-dən çoxu bu regionun payına düşür. Eyni zamanda, bu fəlakətlərdən zərər çəkənlərin 84 %-i də məhz bu ərazilərdə yaşayır.

Qeyd olunur ki, su - daşqınlar, quraqlıqlar və fırtınalar şəklində bu təhdidlərin əsas daşıyıcısına çevrilib. Bu səbəbdən, su ehtiyatlarının idarə edilməsində inteqrasiya olunmuş yanaşmanın tətbiqi zəruridir. Belə yanaşma əhalinin, kənd təsərrüfatının, sənayenin və ekosistemlərin maraqlarını balanslaşdırmağa imkan verəcək.

Layihənin gözlənilən nəticələri sırasında su ehtiyatlarının idarə olunması sisteminin təkmilləşdirilməsi, yerli icmaların dayanıqlılığının artırılması, innovativ maliyyələşdirmə mexanizmlərinin və investisiya yol xəritələrinin hazırlanması, həmçinin müasir idarəetmə yanaşmaları barədə məlumatlılığın artırılması yer alır.