Quldurluq etməkdə təqsirləndirilən 3 nəfərə hökm

22 Aprel 2025 12:31 (UTC+04:00)

Vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. SİA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Məmixan Məmmədov 8 il 6 ay, Sadiq Əzizov 8 il 6 ay və Sultanə Həsrətova 8 il müddətinə azadlıqdan mərhum ediliblər.

İttihama görə, Məmixan Məmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sadiq Əzizov və qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Sultanə Həsrətova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə giriblər.

Məqsəd Sultanǝ Həsrətovanın müxtəlif vətəndaşlarla sosial şəbəkə vasitəsi ilə tanış olub yaşadıqları evə dəvət etmək, Məmixan Məmmədov və Sadiq Əzizovun sonradan evə daxil olaraq həmin şəxslərin əmlaklarını quldurluq yolu ilə ələ keçirib öz aralarında bölmək olub.

Ötən ilin fevralın 10-da Məmixan Məmmədov və Sadiq Əzizov "İnstagram" sosial şəbəkəsində özlərini "Fatimə" adı ilə təqdim edərək Vüsal Zeynalov adlı şəxslə tanış olublar. Onlar iş üzrə zərərçəkmiş olan Vüsalı "Sevgililər günü", yəni fevralın 14-də kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə dəvət ediblər.

İttiham aktında göstərilib ki, qrupun üzvü olan Sultanǝ Həsrətova Vüsal Zeynalovu qarşılayaraq həmin evə gətirdikdən sonra əvvəlcədən əldə edilmiş razılığa görə Məmixan Məmmədov və Sadiq Əzizov otağa daxil olaraq Məmixan Məmmədov özünü Sultanǝ Həsrətovanın əri kimi təqdim edib. Guya qısqanclıq zəminində Vüsal Zeynalovun Sultanǝ Həsrətova ilə mesajlaşmasını bəhanə gətirməklə ona yumruq, təpik zərbələri ilə vuraraq xəsarətlər yetirib. Sadiq Əzizov isə əlində olan silah qismində istifadə etdiyi dəmir boru ilə Vüsal Zeynalovu vuraraq yüngül dərəcəli bədən xəsarətləri yetirib.

Daha sonra Məmixan və Sadiq zərərçəkmişin qol saatını götürüblər, eyni zamanda Vüsalın kartından 999 manat, digər kart hesabından isə 196 manatı özlərinə göndərərək ümumilikdə 1.455 manat məbləğində ziyan vurublar.