Maliyyə ehtiyaclarının kəskin artdığı bir dövrdə Hesablama Palatası bir sıra mühüm çağırışlarla üzləşir. SİA xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, həmin çağırışlar əsasən dövlət maliyyəsinin effektiv idarə olunması, fiskal intizamın gücləndirilməsi, dövlət proqramları və investisiya layihələri üzrə büdcə xərclərinə səmərəli nəzarətin həyata keçirilməsi, eləcə də büdcə dayanıqlılığının təmin edilməsi ilə bağlıdır.
Deputat bildirib ki, təqdim olunan hesabatda Hesablama Palatasının strateji plana uyğun olaraq 348 fəaliyyəti 98 göstərici əsasında qiymətləndirilib: "Perspektivdə bu göstəricilərin kəmiyyət və keyfiyyət meyarları üzrə təsnifləşdirilməsi və hər iki blok üzrə göstəricilərin bir-birini tamamlaması vacibdir".