Səhv karta atılan pulu necə geri qaytarmaq olar? - MÜNASİBƏT BİLDİRİLDİ

22 Aprel 2025 09:33 (UTC+04:00)

"Şəxs əgər karta pul köçürmə zamanı yanlışlıqla başqasına pul köçürübsə, pulu yanlışlıqla alan şəxs vəsaiti geri qaytarmaq üçün öz bankına müraciət etməlidir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

Onun sözlərinə görə, əgər etmirsə, bu, əsassız varlanmadır: "Pul geri qaytarılmırsa, o zaman göndərən şəxs “əsassız varlanma” iddiası ilə məhkəməyə müraciət etməlidir. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən şəxs (varlanmış şəxs) heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur.

Əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur. Yanlışlıqla kartına pul köçürülmüş şəxslə pulu göndərən şəxs arasında heç bir münasibət, öhdəlik yoxdursa, təbii ki, bu artıq əsassız varlanma hesab olunur. Lakin vəsaiti qəbul etmiş kart sahibinin məlumatları “bank sirri” təşkil etdiyinə görə, bu zaman cavabdeh tərəf kimi kimi yanlış kartın aid olduğu banka qarşı iddia qaldırılır".