Yol-nəqliyyat hadisəsi avtomobillərin hərəkətini məhdudlaşdırıb

21 Aprel 2025 20:48 (UTC+04:00)

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yük maşını aşıb, yüklər yola dağılıb. Hadisə Bakı-Qazax magistralının rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, yük avtomobilinin sürücüsü Ucar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun hərəkət zolağından çıxaraq qarşı istiqamətə keçib və aşıb. Qəza zamanı avtomobildə daşınan müxtəlif yüklər yola səpələnib, bu da nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb.

Əraziyə cəlb edilən yol polisi əməkdaşları hərəkətin bərpası və təhlükəsizliyin təmin olunması üçün tədbirlər görüblər. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.