Bakıda əsas yol kəsişmələrindən birində svetoforun yaşıl işığının müddətinin artırılması pik saatlarda yaranan nəqliyyat sıxlığını aradan qaldırdı. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Qeyd olunub ki, paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində svetoforun yaşıl işığının müddəti əvvəllər 32 saniyə olub. Bu da qeyd edilən istiqamətdə pik saatlarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinə təsir göstərir və nəqliyyat sıxlığının yaranmasına səbəb olurdu.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən həm yerində vizual baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə təhlillər aparılıb. Təhlillərə əsasən, kəsişmədə olan svetoforun vaxt planında dəyişiklik edilərək qurğunun yaşıl işığın müddəti səhər və axşam saatlarında 5 saniyə artırılıb. Nəticədə bu yolda nəqliyyat vasitələrinin rahat hərəkəti təmin olunub.