"Biz hələ də “Mədəni insan necə olmalıdır?” problemi ətrafında baş sındırırıq" - MÜNASİBƏT BİLDİRİLDİ

21 Aprel 2025 17:04 (UTC+04:00)

"Qədimdən bu günə kimi, “insan necə mədəni olar?” sualının tərifini verən filosoflar, alimlər, şairlər olub. Amma təəssüflər olsun ki, heç bir mütəffəkir bu sualın dəqiq cavabını verməyib". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, XVIII-XIX əsrdə mədəni insan maarifçi insan sayılırdı: "XX əsrdə mədəni insan ziyalı insan sayılırdı, XXI əsrdə isə mədəni insan intellektual, kreativ, başqalarına nümunə ola biləcək işlər görən bir şəxs kimi dəyərləndirilir. XXI əsrdə bir çox dəyərlərdə olduğu kimi mədəni insan, şəxsiyyət anlayışı da, öz fəlsəfəsini dəyişdi, öz mahiyyətinə yeni nəsnələr əlavə etdi. XXI əsrdə insan mədəni olmaqla yanaşı, həm də şəxsiyyətə çevrilməlidir. Fərdiyyətçilik dövrüdür, sosial media, internet, yeni texnologiyaların şəxsiyyəti arxa plana atdığı, indi isə süni intellektin şəxsiyyəti əvəz etdiyi bir vaxtda mədəni insana əlbəttə ki, böyük ehtiyac var. Mədəni insan təhsilli olmalı, elmin müxtəlif sahələri ilə məşğul olmalı, bu və digər fəaliyyət növündə çalışırsa, o fəaliyyət növünün inkişafına təkan verən yeniliklərlə fərqlənməlidir. Kreativ, intellektual, savadlı, ziyalı və yaradıcı baxışları ilə digərlərini də dəyişməyə çalışmalıdır. Mədəni insan o vaxt sivil insana çevrilir ki, o özü ilə, ailəsi ilə yanaşı, həm də ətraf mühiti dəyişdirir. Öz nümunəvi əməlləri, öz sivil fəaliyyəti ilə özünə yaxın insanları dəyişir və cəmiyyətdə elə mühit yaradır ki, orada mədəni dəyərlər, eyni zamanda sivil dəyərlər yüksək estetik, etik normaya çevrilir. Təəssüflər olsun ki, son vaxtlar bizim dəyərlərimizi dağıdıb, yeni dəyərlər yaradanlar şəxsiyyət deyildir. Bəlkə də, geyimləri, danışıq tərzi və yaxud kənarda özünü aparmağı ilə mədəni görünmək istəyən insanlar daxilən görürsən ki, xaotik bir fərddir. O yalnız özünü düşünür, narsist fikirlərlə tanınmağa meyillidir. Xüsusən də, biz bunu sosial şəbəkədə görürük".

Onun sözlərinə görə, mədəniyyət daxili mədəni və əxlaqi mənəvi gözəlliklərlə tanınan insanların yaratmış olduğu bir ümumi anlayışlar toplusudur: "Burada həm təhsil, həm dünyagörüş, həm fəlsəfi baxış, həm cəmiyyəti dəyişə biləcək fəaliyyəti ilə seçilən insanlara yer vardır. Dünyanın hər bir yerində məhz texnoloji, elmi, hətta mədəni dəyişiklərə aparıb çıxardan şəxsiyyətlər məhz özü ilə yanaşı mühitini dəyişmiş və bu mühitdə artıq yeniliklər yaratmış şəxslərdir. Azərbaycanda bu məsələyə bir qədər fərqli yanaşırlar. Məsələn, bizim mədəni baxışlarımız, mədəni şəxsiyyətə olan münasibətimiz, evimiz və ətraf mühitə münasibətimizə oxşayır. Cəmiyyəti və ölkəni dəyişə biləcək, dövləti inkişaf etdirə biləcək hansısa qeyri-adi ixtiralarla biz tanınmırıq. Mədəni insan əslində belə olmalıdır. Mədəni insan yalnız öz ailəsini yox, cəmiyyəti, milləti, bəşəriyyəti fikirləşməlidir. Çünki mədəniyyət universal bir anlamdır. O bütün bəşəriyyətin indiyə qədər qazandığı gözəlliklərin toplusunu özündə ehtiva edir. Burada həm estetik, həm etik baxışlar, həm əxlaqi, mənəvi dəyərlər, həm geyim və s. sahələri özündə ehtiva edən fəlsəfi anlayışıdır. Biz çölə çıxan kimi problemli insanlar görürük. Mədəni insan heç vaxt öz problemini başqalarına yönəltməz. Mədəni insan heç vaxt rastlaşdığı çətinliyi nə evinə, nə də işə daşıyar. Mədəni şəxsiyyət hər zaman çalışır ki, cəmiyyətin hansısa bir problemini həll etsin. Çünki biz digər məxluqlardan ona görə fərqlənirik ki, sivil davranış, əxlaq, mənəviyyat və mədəni dəyərlərə üstünlük veririk. İnsan Yer kürəsinin sahibidir. O digər varlıqlara, ətraf mühitə, bitki və heyvanat aləminə cavabdeh olan bir şəxsdir. İnsan əgər bunları anlayırsa, o artıq mədəni insandır. Mədəniyyətlə bağlı dünyada çox böyük təhsil ocaqlarında ixtisaslar keçirilir. Kulturologiya inkişaf etdirilir və kulturologiya bunların hər birinə cavab verir. Təəssüflər olsun ki, Azərbaycanda kulturologiyanı ancaq mədəniyyətşünaslığı tədqiq edən bir sahə kimi baxırlar. Amma kulturologiya məhz “Mədəni insan, sivil şəxsiyyət necə olmalıdır? O özünü və cəmiyyəti necə dəyişməlidir?” bunları araşdırır və cəmiyyətə yeni estetik etik texnologiyalar təqdim edir. Kulturologiyanın inkişafına cəmiyyətdə maraq, bünövrə var? Təəssüflər olsun ki, yoxdur. Ona görə biz hələ də “Mədəni insan necə olmalıdır?” problemi ətrafında baş sındırırıq".