“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə aprelin 21-də Müşfiqabad qəsəbəsində “Beynəlxalq Yer Günü”nə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. ETSN-dən SİA-ya verilən məlumata görə, aksiyada ekologiya və təbii sərvətlər nazirliyinin birinci müavini Rəşad İsmayılov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib.
Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, “Beynəlxalq Yer Günü” BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməyə əsasən hər il aprelin 22-də qeyd olunur. Bu günün əsas məqsədi ətraf mühitin qorunmasına ictimai diqqəti artırmaq və ekoloji maarifləndirməni təşviq etməkdir.