Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin obyekti olmamalıdır

19 Aprel 2025 23:00 (UTC+04:00)

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara və media qurumlarına ünvanlanan bəyanat yayıb.

SİA-nın məlumatına görə, bəyanatda beynəlxalq hüququn prinsiplərinin qorunmasının mədəni irsin müdafiəsində qlobal həmrəyliyin təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub, mədəni irsin qorunmasının yalnız mədəniyyət məsələsi deyil, eyni zamanda, beynəlxalq hüququn vacib elementi hesab edilməklə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş ciddi hüquq pozuntularının diqqət mərkəzində saxlanması tələb olunub. Bildirilib ki, Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın ərazilərində həyata keçirdiyi sistemli vandalizm təkcə siyasi işğal aktı deyil, həm də beynəlxalq hüququn mədəni irsin qorunmasına dair birmənalı qadağalarını kobud şəkildə pozan bir mədəni soyqırımıdır.

Bu baxımdan Xocalı rayonunun Pirilər kəndindəki yerləşən qədim alban məbədindən hərbi məqsədlərlə istifadə edilməsinin bu pozuntuların konkret və sənədləşdirilmiş sübutlarından biri olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Qafqaz Albaniyasının maddi-mədəni irsinin ayrılmaz hissəsi kimi xüsusi qorunan bu abidəni Ermənistanın tamamilə dağıtması və ondan silah-sursat anbarı kimi istifadə etməsi Cenevrə Konvensiyasının və 1954-cü il Haaqa Konvensiyasının birbaşa pozulmasıdır.

Həmçinin bildirilib ki, işğal dövründə 437 tarixi abidə zədələnib, 68-i tamamilə dağıdılıb, 114-ü isə ciddi şəkildə zərər görüb. Dəymiş ümumi maddi ziyanın həcmi 700 milyon manatdan çoxdur.

“Azərbaycan azad edilmiş ərazilərdə bu abidələrin bərpası və mühafizəsi istiqamətində beynəlxalq öhdəliklərinə uyğun şəkildə ciddi fəaliyyət göstərir. Beynəlxalq təşkilatları, xüsusilə UNESCO və ICOMOS-u bu məsələdə daha fəal və prinsipial mövqe sərgiləməyə çağırırıq. Mədəni irsin dağıdılmasına qarşı səssizlik beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Mədəni irs müharibənin obyekti olmamalıdır, onun hərbiləşdirilməsi insanlığın birgə mirasına qarşı yönəlmiş ağır hüquq pozuntusudur”, - deyə bəyanatda vurğulanıb.