Aprelin 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin və tərəfdaş qurumların dəstəyi ilə Xətai rayonu, “Gənclik” parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka və ya banka, yaxud 10 ədəd işlənmiş batareya təhvil verərək müxtəlif hədiyyələr əldə ediblər.
Festival zamanı 3 min 481 litr plastik butulka, 1040 litr şüşə butulka, 831 ədəd işlənmiş batareya toplanıb.
“Tullantıları hədiyyələrə dəyiş” festivalında, həmçinin maarifləndirici master-klaslar təşkil olunub. İştirakçılar tullantıların düzgün çeşidlənməsi, təkrar emal prosesi və ətraf mühitin qorunması ilə bağlı faydalı məlumatlar əldə edib, ekoloji məsuliyyətin artırılmasına yönəlik tədbirlərdə yaxından iştirak ediblər.
Növbəti mərhələlərdə “Tullantıları hədiyyələrə dəyiş” festivalı regionları da əhatə edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a müsahibəsində Yer Gününün hər il aprelin 22-də dünyanın müxtəlif ölkələrində qeyd edildiyini və bu günün əsas məqsədi ekoloji maarifləndirməni gücləndirmək, həmçinin təbiətin mühafizəsinə diqqəti artırmaq olduğunu deyib. Qeyd olunub ki, Yer Günü münasibətilə təşkil olunan festivalın əsas məqsədi ictimaiyyətin ekoloji problemlər barədə məlumatlılığını artırmaq, ətraf mühitin mühafizəsinə töhfə vermək və əhali arasında təkrar emal vərdişlərini təşviq etməkdir.
O, fikirlərinə belə davam edib: "Bu gün növbəti "Tullantıları hədiyyələrə dəyiş" festivalı keçirildi. Əsas özəlliyi həm də Yer Gününə həsr olunmasıdır. Yer Günü ərəfəsində keçirilən festival insanları ətraf mühit problemləri haqqında məlumatlandırmaq, əsasən də onlara tullantıların düzgün idarə olunması, təkrar emala yararlı tullantıların çeşidlənməsi vərdişlərinin aşılanması və eyni zamanda, vətəndaşların həmin istiqamətdə stimullaşdırılması məqsədi daşıyır. Plastik, şüşə və təhlükəli tullantı sayılan işlənmiş batareyalar təhvil verilərək əvəzində hədiyyə əldə etdilər. Hədiyyələr müxtəlifdir. Burada kitablar, ekoçantalar, müxtəlif əşyalar, ağac tingləri və s. kimi hədiyyələr təklif olundu. Həmçinin tədbir çərçivəsində master-klasslar da təşkil edildi. Master-klasslarda ekoçantalar üzərində rəsm, eyni zamanda, gipslərin şəkilləndirilməsi kimi əl işləri ərsəyə gətirildi. Belə ekoloji maarifləndirmə tədbirləri ilboyu davam edir. Əsasən də tullantıların düzgün idarə olunması istiqamətində vətəndaşlara çağırış edilməsi üçün keçirilir. Xüsusilə də yay mövsümü yaxınlaşdıqca belə tədbirlərlə bir növ vətəndaşlara ətraf mühitə tullantılar atmamaları, təbiəti çirkləndirməmələri üçün səslənirik. İnsanlar hər istifadə olunmayan əşyanı tullantı hesab etməsinlər, onu yenidən həyata qaytarsınlar. Burada yığılan tullantılar sonradan çeşidlənmə müəssisələrinə gedir, təkrar emal vasitəsilə yeni əşyalara çevrilir. Hazırda Bakı və Sumqayıtda bu cür tədbirlər keçirilir. Növbəti mərhələlərdə belə festival və aksiyalar regionları da əhatə edəcək. Bu cür tədbirlər barədə səhifələrimizdə elanlar paylaşılır. Vətəndaşlara çağırış edirik ki, səhifələrimizi izləsin və gəlib iştirak etsinlər. Çox sevindiricidir ki, bir çox vətəndaş plastik, şüşə butulkaları, batareyaları yığıb saxlayır və bizə təhvil vermək üçün tədbirin harada keçiriləcəyi barədə maraqlanır. Festivalın artıq vətəndaşlarda maraq oyatması çox müsbət haldır".