Aprelin 18-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının təşkilatçılığı ilə Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbin akt zalında xanəndə Eynulla Cəbrayılovun 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
SİA-nın məlumatına görə, muzeydən bildirilib ki, tədbiri açan Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı xanəndə Eynulla Cəbrayılovun həyat və yaradıcılığından danışaraq, onun bir sənətkar kimi ölkənin ən mötəbər tədbirlərinin, konsert səhnələrinin, toy şənliklərinin bəzəyi olmasını, keçirdiyi məclislərin söz-söhbətinin aylarla dillərdə dolaşmasını vurğulayıb.
Yaqut Bahadurqızı, eyni zamanda, görkəmli sənətkarın ifa üslubunun Azərbaycan muğamlarının ən mükəmməl ənənələrini özündə birləşdirən xüsusi sənət məktəbi olmasından, səhnə davranışından, oxu tərzindən, ifa zamanı muğamın sakral mahiyyətini, mənəvi zənginliyini dinləyiciyə ötürə bilməsindən, muğam bilicilərinin diqqətini çəkə bilməsindən bəhs edib.
Eynulla Cəbrayılovun həmkəndlisi İbrahim İbrahimov çıxışında Eynullanın ağır keçən uşaqlıq və yeniyetməlik illərindən söz açaraq qeyd edib ki, müharibə, yetimlik onun təhsil almasına imkan verməsə də, Allah vergisi olan səsi ilə 14-15 yaşından Eynulla ruzisini qazanıb. O, nəinki doğulduğu kənddə, Kürdəmirdə, Şirvan bölgəsində, hətta bütün Azərbaycanda məşhur xanəndə kimi tanınıb.
Yazıçı-jurnalist Tofiq Abdullayev çıxışında görkəmli xanəndənin həyatı və sənət fəaliyyəti ilə bağlı araşdırmalar apararaq yubiley ilində yeni bir kitabı çapa hazırlamasından bəhs edib. O, eyni zamanda vurğulayıb ki, Şirvan musiqi mühitində yetişən Eynulla bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnərək, muğam və aşıq sənətinin sirlərinə yiyələnib. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olub.
Əməkdar mədəniyyət işçisi Mirnazim Əsədullayev sənətkarla uzun müddət iş birliklərindən danışaraq qeyd edib ki, geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik olan xanəndənin ifasında “Rast”, “Segah-Zabul”, “Mirzə Hüseyn Segahı”, “Çahargah”, “Şirvan şikəstəsi”, “Kəsmə şikəstə”, “Qarabağ şikəstəsi”, “Mənsuriyyə”, “Vilayəti”, “Kürdü”, “Dəramət” və başqa muğamlar Azərbaycan Radio və Televiziya Fondunda saxlanılır. E.Cəbrayılov bir müddət Bakıda Hacı Məmmədovun, Əliağa Quliyevin, Sərvət İbrahimovun başçılıq etdikləri ansamblların müşayiəti ilə oxuyub. Ancaq o, yaddaşımızda daha çox Baba Salahov adına Xalq Çalğı Alətləri Ansamblının – Xalq artisti Ağasəlim Abdullayevin və Əməkdar artist Mirnazim Əsədullayevin müşayiəti ilə oxuduğu və radionun “Qızıl fondu”nda saxlanılan nadir ifaları ilə qalıb.
Yubiley mərasimində respublikanın tanınmış muğam ifaçısı Əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov, kaman ifaçısı Əməkdar artist Mirnazim Əsədullayev, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlı, tanınmış sənətkarlar Elşad Qarayev, Səfalı Əliyev, Nemət Ərəboğlu, Aşıq Babək Şakirli Eynulla Cəbrayılovun repertuarından ibarət muğamları və xalq mahnılarını tamaşaçılara təqdim etdilər.
Tədbir zamanı Eynulla Cəbrayılovun öz ifasında olan videolentlərdən parçalar səsləndirilib.
Tədbir ustad sənətkarın vəsiyyəti ilə öz ifasında dəfn edilərkən səsləndirilən “Qarabağ şikəstəsi” lent yazısının sədaları altında başa çatıb.