Genetik saç tökülməsinin müalicəsi var? - AYDINLIQ GƏTİRİLDİ

17 Aprel 2025 09:55 (UTC+04:00)

"Saç tökülməsinin əsas səbəbləri arasında birinci yerdə androgen, ikinci yerdə telogen tökülmə, yəni stressə və dəmir, vitamin əskikliyinə bağlı, üçüncü yerdə isə stress dayanır". Bu sözləri SİA-ya açıqlamasında trixoloq Cəmilə Əsgərova deyib.

O bildirib ki, genetik tökülmənin müalicəsi yoxdur: "İlkin mərhələdə prosesin sürətini azaltmaq olar, iləri mərhələlərdə isə sadəcə saç əkimi gerçəkləşdirilə bilər. Saç tökülmələri ocaqlıdır. Androgen, telogen və dartma, yanmaya bağlı traksion alopesiyadır.

Uşaqlarda adətən ocaqlı və telogen saç tökülməsi olur. Çox nadir hallarda isə erkən yaşlarda valideynlərin uşaqlarının, xüsusilə də, qızların saçını bərk şəkildə dartıb "at quyruğu", toppuz yığması ilə əlaqədar gicgah, alın nahiyələrində saçların seyrəldiyini görmək olar.

Uşaqlarda böyük ölçüdə dəmir əksikliyinə bağlı olaraq saç tökülməsi ola bilər. Hormonal balans uşaqlarda çox nadir hallarda olur. Adətən qalxanabənzər vəzi xəstəlikləri ilə bağlı ola bilər. Amma əksəriyyətdə isə dəmir əksikliyinə də bağlı saç tökülməsi müşahidə olunur.

Genetik tökülmə androgen saç tökülməsidir. Bu, kişilərdə androgen hormonlarının səbəbindən olur. Həm kişi tipli, həm də qadın tipli androgenetik saç tökülməsi var. Qadınlarda səbəb adətən hormonaldır, yəni androgen hormonlarının üstünlüyü ilə əlaqədardır. Kişilərdə də həmçinin genetik olaraq bu geni daşıdıqlarına görə baş verir. Kişi tipli nəsildən-nəslə keçən daşıyıcı olan saç tökülməsidir.

Saç tökülməsi kişilərdə və qadınlarda fərqli səbəblərdən meydana gələ bilər. Kişilərdə rast gəlinən saç tökülməsi adətən genetik olan və 50% dən çoxunda kişi hormonlarına həssas olan saç tökülməsidir. Erkən yaşda başlayan müalicə ilə saçların tam tökülmə müddəti uzadıla bilər. Bu tip saç tökülmələrinə qadınlarda da rast gəlinə bilər. Ailədə genetik saç tökülməsi olan qadınlarda xüsusi ilə gənclərdə qidalanma, hormonal disbalans və stress səbəbindən saç tökülmələrinə rast gəlinə bilər".