Azərbaycanlı şahmatçının komandası İtaliya çempionu olub

16 Aprel 2025 18:00 (UTC+04:00)

İtaliyada yaşayan azərbaycanlı şahmatçı Mirağa Ağayevin də heyətində yer aldığı “Lazio Scacchi” komandası ölkə çempionatının “Master” seriyasında tarixi uğura imza atıb.

SİA xəbər verir ki, Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, İtaliyanın Darfo Boario Terme bələdiyyəsində baş tutan turnirdə “Lazio Scacchi” komandası 16 xalla birinci yeri tutub və ilk dəfə ölkə çempionu adına layiq görülüb.

Komandanın heyətində yer alan azərbaycanlı şahmatçı, İtaliya mediasında “şahmatın dahisi” kimi tanınan Mirağa Ağayev də bu qələbədə mühüm rol oynayıb. Onun stabil və inamlı oyunu komandanın ümumi uğuruna ciddi töhfə verib.

“Lazio Scacchi” yalnız komanda hesabında deyil, fərdi göstəricilər baxımından da yüksək nəticələr əldə edib. Beş lövhədən dördündə üstünlük qazanan komanda ümumi nəticələrdə də birinci olub. 1-ci lövhədə Aleksey Sarana, 3-cü lövhədə Sebastian Lermito, 4-cü lövhədə Miçele Qodena, ehtiyat lövhədə isə Mirağa Ağayev parlaq qələbələri ilə fərqlənib.

Qeyd edək ki, növbəti mövsüm “A1” seriyasında “Grifone”, “Mimosa”, “Scacchistica Trentina” və “Cerianese” klubları mübarizə aparacaqlar. Eyni zamanda, aşağı liqalardan “Kodokan Messina”, “Scacchistica Novarese”, “Firenze Scacchi”, “Prato”, “Ostia Scacchi”, eləcə də “La Spezia”, “Varese” və “Chessmate di Bagheria” komandaları da yüksək liqada yer alacaq.