Hava şəraiti bağlı bir çox yerlərdə sıxlıq müşahidə olunur. Sıxlıq isə nəqliyyatın hərəkətinə təsir edir. Yağışlı hava ilə əlaqədar SİA qurumlara iş rejimləri ilə bağlı sorğu göndərib.
Sorğuya cavab olaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Rövşən Əliyev deyir ki, marşurutların iş rejimində heç bir dəyişilik yoxdur.
Onun sözlərinə görə, qrafikdə heç bir dəyişiklik yoxdur: "BBAK-dan bütün reyslər adi günlərdə olduğu kimi həyata keçirilir. Heç bir gecikmə yaxud digər səbəblər müşahidə edilmir".
Həmçinin "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edir ki, metroların iş rejimində heç bir dəyişiklik yoxdur: "Əvvəlki günlərdə olduğu kimi metro fəaliyyətini davam etdirir".
Bununla yanaşı ADY-nin rəsmi nümayəndəsi Bəxtiyar Hacızadə deyir ki, ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir: "Hazırda qatarların qrafik üzrə fəaliyyəti bərpa olunub, bütün ərazilərə nəzarət edilir, hər hansı hadisə baş verdikdə operativ reaksiya verilir.
Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik".