Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
"Hazırda Xəzər dənizi akvatoriyasında küləyin sürəti 30-35 m/s-ə yüksəlib, sahilboyu ərazilərdə dalğaların hündürlüyü 3 metrdən çoxdur. Bütün limanlara giriş və çıxış bağlıdır, yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib", - o bildirib.
Saat 06:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasında maksimal sürəti 33 m/s-ə çatan güclü şimal-qərb küləyi müşahidə olunub.