2024-cü ildə Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 35 % (208 milyon manat) artaraq 808 milyon manat olub ki, bunun da əsas hissəsini istehlak kreditləri təşkil edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə sabitliyi hesabatı"nda bildirilib.
Sənədə əsasən, hesabat dövründə istehlak kreditləri üzrə artım 41 % (150 milyon manat), ipoteka kreditləri üzrə artım 3,5 dəfə (31 milyon manat), biznes kreditləri üzrə artım isə 12 % (27 milyon manat) olub. Beləliklə, ötən ilin sonuna BOKT-lərin kredit portfelinin 63,4 %-i (512 milyon manat) istehlak kreditləri, 5,3 %-i (43 milyon manat) ipoteka kreditləri, 31,3 %-i isə (253 milyon manat) biznes kreditləri olub.
Biznes portfelinin 32 %-i (80 milyon manat) ticarət sahəsinə, 22 %-i (55 milyon manat) kənd təsərrüfatı sahəsinə, 20 %-i (51 milyon manat) digər qeyri-istehsal və xidmət sahəsinə, 18 %-i (46 milyon manat) nəqliyyat sahəsinə, 8 %-i isə (21 milyon manat) digər sahələrə verilmiş kreditlərindən ibarətdir.