"Pedoqoji sahədə işləmək digər sahələrdə işləməkdən daha fərqlidir". Bu sözləri SİA-ya danışan təhsil eksperti Elşən Qafarov deyib.
Onun sözlərinə görə, bu sahədə istər müəllim, istər rəhbər, istər inzibati tədris köməkçiliyi ilə çalışmaq, ümumiyyətlə, uşaq müəssisəsində çalışmaq ilk növbədə uşaqların yaş dövrlərinin xüsusiyyətlərini bilməsini tələb edir: "Həmin yaş dövrü xüsusiyyətlərinə uyğun olaraq onların eyni zamanda psixoloji və fizioloji xüsusiyyətlərini bilməsini tələb edir. Çox təəssüf olsun ki, Azərbaycan məktəbində, Azərbaycanın təhsil sistemində nə bunu soruşan, nə öyrədən, nə də tələb edən var.
Biz müəllimlərin peşəkarlıq səviyyəsini yoxlayırıq. Bir müəllimin peşəkarlıq səviyyəsi onun pedoqoji və psixoloji biliklərinin səviyyəsi ilə ölçülməlidir. Eyni zamanda bu bilikləri praktikaya nə dərəcədə tətbiq etmək bacarıqları ilə ölçülməlidir. Bu gün çox təəssüf olsun ki, sistemdə işləyən müəllimlərimizin böyük əksəriyyəti tədris etdiyi siniflərdə uşaqların ilk dövrləri onların fizioloji, psixoloji xüsusiyyətləri ilə bağlı minimal informasiyalara malik deyillər. Müəllimin müəllimliyi ilə onun pedoqoqluğu məhz sizin qaldırdığınız pedoqoji və psixoloji biliklərinin səviyyəsi, onun praktikaya tətbiq etmə bacarığı ilə olmalıdır. Dünyanın bütün ölkələrində istər müəllimlərin işə qəbulu müsabiqələrində, istərsə də sertifikasiya və s. kimi peşəkarlıq səviyyəsinin yoxlanılmasında ən azı qoyulmuş sualların 35-40%-i metodika ilə yəni, pedoqoji və psixoloji biliklər, metodiki biliklər ilə ölçülür. Yəni, ən azı 35-40% bu yöndə olan suallar qurulur. Normalda isə bu sualların tərtibi hissəsi 50-nin 50-yə olmalıdır. Bu baxımdan həm yoxlamırıq, həm tələb etmirik, həm də pedaqoji kadr, hazırlıq məsələlərində bunlara diqqət etmirik".