Büdcə qanunvericiliyi və satınalmalar sahəsində nöqsanların sayı üstünlük təşkil edib - Vüqar Gülməmmədov

15 Aprel 2025 11:22 (UTC+04:00)

Büdcə qanunvericiliyinin pozulması əsasən büdcə vəsaitlərinin idarəedilməsi, əməyin ödənişi sahəsini və ayrı-ayrı istiqamətlərdə müəyyən edilmiş xərc normativlərinə və prosedurlara əməl olunmaması kimi istiqamətləri əhatə edir. SİA xəbər verir ki, bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, Vahid Büdcə Təsnifatına əməl olunmaması, publik hüquqi şəxslərdə dövlət sifarişinin mahiyyətini müəyyənləşdirən tələblərin doğru müəyyən edilməməsi, ilin sonunda büdcə vəsaitlərinin geri qaytarılmaması üçün müxtəlif mexanizmlərin tətbiqi, büdcə vəsaitinin müxtəlif şərtlərlə banklara depozitə yerləşdirilməsi, vakant vəzifələnin ardıcıl olaraq 3 aydan bir təkrarən həvalə kimi sənədləşdirilməsi, xərc normativlərinə, xüsusən beynəlxalq və ölkə səviyyəli tədbirlərdə əməl olunmaması, mükafat və maddi yardımların artıq hesablanması kimi hallar xüsusi qeyd edilməli pozuntular siyahısına aid edilməlidir.

Vüqar Gülməmmədov bildirib ki, əvvəlki illərdə olduğu kimi, büdcə qanunvericiliyi və satınalmalar sahəsində nöqsanları sayı üstünlük təşkil edib: "Auditlərin nəticələri göstərir ki, say ifadəsində büdcə qanunvericiliyi (45,1) və dövlət satınalmaları (28%) üzrə aşkar edilmiş nöqsanların payı çox olub".