Qələbəmi Azərbaycan xalqına həsr edirəm. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli deyib.
60 kq çəki dərəcəsində uğura imza atan pəhləvan ikinci dəfə Avropa çempionatının qızıl medalını qazandığı üçün xoşbəxt olduğunu söyləyib:
“Şükürlər olsun ki, istəyimə çatdım. Yarışdan əvvəl özümü qızıl medal qazanmağa kökləmişdim. Finaldakı rəqibim olduqca təcrübəli idmançı idi. Buna baxmayaraq, layiqli çıxış edərək qalib gəlməyi bacardım. İnşallah, dünya çempionu olmaq mənə nəsib olar".
Qeyd edək ki, Nihat Məmmədli finalda Georgi Tibilovu (Serbiya) məğlub edərək qızıl medala sahib çıxıb. Ümumilikdə yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuran yığma 151 xalla komanda hesabında birinci yeri tutub.