Bakıda Azərbaycan-Moldova Biznes Forumu keçirilib. Forumda Moldovanın və Azərbaycanın iş adamları, biznes qurumlarının nümayəndələri, dövlət və hökumət təmsilçiləri iştirak edib.
SİA xəbər verir ki, forumda çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə həyata keçirilən iqtisadi islahatlardan danışaraq nəzərə çatdırıb ki, hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulmasına imkan verir ki, bundan da səmərəli istifadə etmək lazımdır.
Nazir ölkəmizin qanunvericiliyi, biznes mühiti barəsində ətraflı məlumat verib və moldovalı iş adamlarını Azərbaycana sərmayə qoymağa çağırıb.
Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea çıxış edərək Azərbaycanda bu cür biznes forumun keçirilməsinin əhəmiyyətindən danışıb. Nəzərə çatdırıb ki, Moldova aqrar ölkə olaraq Azərbaycana daha çox məhsul ixrac etmək imkanına malikdir. Bunula yanaşı, Azərbaycan da Moldovanın ehtiyacı olan məhsulları ixrac edə bilər. Azərbaycanın hazırda neft və neft məhsulları, ağac, meyvə və tərəvəz ixrac edir. Hər iki ölkə böyük bazara sahibdir və ticarət əlaqələrinin qarşılıqlı olaraq inkişaf etdirmək üçün böyük fürsət var.
Sonra iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin dövlət katibi Viorel Qarac, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr idarəsinin rəis müavini Yevgeni Kistol və başqaları çıxış edərək təmsil etdikləri qurumların iş prinsipi və fəaliyyəti haqqında ətrafli məlumat veriblər.
Qeyd olunub ki, hər iki dövlətin siyasi rəhbərliyinin iradəsi ilə qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi artıq zərurətə çevrilib.
Sonra forum iştirakçıları Moldova istehsalı olan şərbaların sərgisi ilə tanış olublar.
Moldovadan gələn iş adamları ilə yerli şirkətlərin nümayəndələri qarşılıqlı əlaqələr qurmaq məqsədi ilə görüş keçiriblər.