KOB-ların maliyyələşdirilməsi ilə bağlı 7-ci qrant müsabiqəsi elan edilib

11 Aprel 2025 16:49 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə 7-ci qrant müsabiqəsini elan edib. SİA agentliyə istinadən xəbər verir ki, müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq elan olunub.

Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır. Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Digər qurumların tam maliyyələşdirdiyi, icrası davam edən və yaxud başa çatmış layihələr əlavə olaraq və yaxud təkrar maliyyələşdirilə bilməz. Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır. Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 01.07.2025-ci il tarixindən başlanılması nəzərə alınmalıdır. Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 min manat həcmində nəzərdə tutulur.

Layihə sənədlərin aprelin 15-dən mayın 14-nə qədər qəbul edilir. Müsabiqə mayın 16-dan iyunun 16-na qədər keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə elektron formada ([email protected]) və yaxud kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər:

(Qeyd: müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz:https://smb.gov.az/az/nav/qrant)

Müsabiqənin nəticələri barədə məlumat 17 iyun 2025-ci il tarixindən sonra KOBİA-nın www.smb.gov.az ünvanında yerləşən internet səhifəsində yerləşdiriləcək.

Əlavə məlumat üçün: (+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi.