Bu ilin iyun ayında Bakıda Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi gözlənilir. SİA xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-Moldova biznes forumunda bildirib.
"Bu platformadan istifadə edərək xarici tərəfdaşlarlarımızı forumda iştiraka dəvət edirəm. Tədbiri AZPROMO və İtaliyanın "The European House Ambrosetti” təşkilatı ilə birgə təşkil edəcək", - deyə o qeyd edib.
Y.Abdullayev əlavə edib ki, AZPROMO və onun Moldovadan olan tərəfdaşları arasında əməkdaşlıq ardıcıl və dinamik şəkildə inkişaf edir: "Son bir neçə il ərzində Moldovanın Sahibkarlığın İnkişafı Təşkilatının (ODA) və "İnvest Moldova" Agentliyinin nümayəndələri ilə bir sıra məhsuldar görüşlər keçirilib. AZPROMO ilə "İnvest Moldova" arasında qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi və Azərbaycan məhsullarının ixracının stimullaşdırılması sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu mövcuddur. Biz əməkdaşlığımızı dərinləşdirmək üçün fəal işləməyə davam edirik".