Beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb

11 Aprel 2025 11:22 (UTC+04:00)

Beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb. Bu barədə SİA-ya müsabiqədən məlumat verilib.

Bildirilib ki, fevralın 28-də start götürən beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi 10 aprel 2025-ci ildə uğurla başa çatıb. Bu müddət ərzində ümumilikdə 16 553 nəfər qeydiyyatdan keçib. Bu göstərici ilə müsabiqənin ötən illərdəki iştirakçı sayını geridə qoyaraq yüksək nəticəyə imza atılıb.

Qeyd edək ki, ötən il bu göstərici 15 877 nəfər təşkil edib.

Qeydiyyat mərhələsini uğurla tamamlamış iştirakçılar müsabiqənin onlayn seçim mərhələsi olan Ümumi biliklər imtahanında özlərini sınayacaqlar. Uğurlu namizədlər isə mərhələli şəkildə davam edəcək seçim turlarında idarəetmə bacarıqlarını nümayiş etdirəcək və sonda “Yüksəliş” müsabiqəsinin qalibi adını qazanmaq uğrunda rəqabət aparacaqlar.

Beşinci dəfə keçirilən müsabiqə əvvəlki illərlə müqayisədə daha geniş iştirakçı kütləsini əhatə etməklə ölkənin istedadlı və potensiallı liderlərinin aşkara çıxarılması və inkişaf etdirilməsi baxımından əhəmiyyətli layihəyə çevrilib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.