Bakıda yazıçı, ssenarist, pedaqoq Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş “IBRUS HALL” yaradıcılıq məkanının açılışı olub. Layihə Dünya Kinosunun 100 İlliyi Fondunun təşəbbüsü ilə həyata keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, təntənəli açılışda Rüstəm İbrahimbəyovun böyük oğlu Fuad İbrahimbəyov, Dünya Kinosunun 100 İlliyi Fondunun İdarə Heyətinin üzvü, Rüstəm İbrahimovun kiçik oğlu Fərhad İbrahimbəyov, Azərbaycanın Əməkdar artisti, “İbrus” Teatrının aktrisası Mələk Abbaszadə çıxış ediblər. R.İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova da videomüraciət vasitəsilə qonaqları salamlayıb.
“IBRUS HALL”da keçirilən ilk tədbir Azərbaycanın Xalq artisti Məbud Məhərrəmovun yaradıcılıq gecəsi olub. Xalq artisti çıxışı zamanı teatr və kino aktyorunun həyatından füsunkar hekayələri tamaşaçılarla bölüşüb, səhnə yoldaşlarından, işbirliyi qurduğu rejissorlardan danışıb və təbii ki, Rüstəm İbrahimbəyovun şəxsiyyətinə xüsusi diqqət yetirib.
Dünya Kinosunun 100 İlliyi Fondunun direktoru Lalə Əfəndiyeva müsahibəsində yeni yaradıcılıq məkanında nəzərdə tutulan tədbirlərdən bəhs edib.
“Bu gün biz “IBRUS HALL”ı açırıq. Biz çox ümid edirik ki, onun divarları arasında şən, işıqlı və çox parlaq yaradıcılıq və sevgi mühiti yarada biləcəyik. Bu damın altında tamaşalar oynanılacaq, şeir və musiqi axşamları, yaradıcılıq görüşləri və film nümayişləri keçiriləcək. Biz “IBRUS HALL”ı Rüstəm müəllimə çox yaxın olan Məbud Məhərrəmovun yaradıcılıq gecəsi ilə eyni gündə açmağa qərar verdik”, - deyə qeyd edib.
Mabud Məhərrəmov çıxışa necə hazırlaşdığından danışıb. “Biz dostum, məşhur dramaturq Vladimir Neverov ilə yaddaşımın arxa küçələrini gəzdik və “Mabudik klubu” adlandırdığımız kiçik bir yaradıcılıq axşamı haqqında düşündük. Dostlarım və tanışlarım tez-tez məni bəzi “mabudizmlər” – nağıllar, hekayələr, teatr, kino haqqında lətifələr eşitmək üçün yaradıcı məclislərə dəvət edirlər. Bu hekayələr yaradıcılıq gecəmin əsasını təşkil etdi. Mən Rüstəm İbrahimbəyovdan da danışdım. O, mənə böyük təsir göstərən mənəvi tərbiyəçimdir. Bu insan bizə yaxın və əzizdir və “IBRUS HALL”u onun xatirəsinə açırıq”, - deyə Xalq artisti vurğulayıb.