Aprelin 10-da Naxçıvanda PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında ilk dəfə iştirak edəcək şagirdlərlə maarifləndirici görüş keçirilib.
SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində keçirilən görüşdə Naxçıvan şəhər 7, 15, 17 nömrəli tam orta məktəblərin, Naxçıvan Qızlar Liseyinin, Naxçıvan Qarnizonu tam orta məktəbinin və Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ingilisdilli gimnaziyanın tədqiqatda təmsil olunacaq şagirdləri iştirak ediblər.
Görüşdə Naxçıvan Muxtar Respublikası təhsil naziri Elxan Nəcəfov iştirakçıların diqqətinə çatdırıb ki, PISA–Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında ölkəmizin ümumtəhsil məktəbləri 2018-ci ildən iştirak edir. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri isə bu il ilk dəfə olaraq bu tədqiqatda iştirak edəcək.
Qeyd olunub ki, tədqiqatda muxtar respublikanın 12 təhsil müəssisəsindən 328 məktəblinin iştirakı nəzərdə tutulur.
Təhsil naziri tədqiqatda iştirak edən şagirdlərə uğurlar arzulayıb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor vəzifələrinin icraçısı Elnur Əliyev bildirib ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını qiymətləndirmək, eyni zamanda, onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatıdır. Tədqiqatın ölkəmizdə həyata keçirilməsi Təhsil İnstitutu tərəfindən təşkil olunacaq və tədqiqatda ölkə üzrə 8 mindən artıq şagird iştirak edəcək. Bu il tədqiqata 91 ölkənin şagirdlərinin qoşulacağını qeyd edən Elnur Əliyev qiymətləndirmənin şərtləri, qaydaları, istifadə olunan suallar, sualların cavablandırılması qaydaları haqqında məktəblilərə geniş məlumat verib.
Görüşdə tədqiqatla bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, növbəti belə maarifləndirici görüş Şərur və Kəngərli rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri ilə olub. Sabah isə Ordubad və Culfa rayonlarının tədqiqatda iştirak edəcək məktəbliləri ilə görüşün keçirilməsi nəzərdə tutulur.