"Universitet məzunları arasında işsizlik problemi uzun müddətdir ki, ciddi məsələ olaraq qalır. Bu problem təkcə Azərbaycanda deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Problem çoxşaxəlidir. Universitetlərdə tədris olunan proqramların, ixtisasların əmək bazarının tələblərinə uyğun gəlməməsi, gənclərin istəmədikləri ixtisasda təhsil almaları, özlərini ixtisası üzrə inkişaf etdirməmələri, universitet missiyasının təkcə diplom verməklə bitirmiş hesab etməsi problem daha da dərinləşdirir. Nəticədə diplomlu məzunlar tələb olunan bacarıqlar və təcrübələrə malik olmadıqları üçün onlar öz sahələrində iş tapmaqda çətinliklərlə üzləşirlər.
Bir çox işəgötürən təcrübəyə malik işçilərə üstün verir. Universitetlərin çoxu məzunlarını yalnız nəzəri biliklərlə təmin etdiyi üçün iş axtarışında onlar maneələrə rastlaşırlar". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, burada təqsir yalnız universitetlərdə olmur: "Məzunlar bəzən düzgün iş axtarma metodlarını tətbiq etmir, CV-lərini və müraciət məktublarını düzgün hazırlamır, bilik və bacarıqlarını tam göstərə bilmirlar. Həmçinin sahə üzrə təlimlərə və kurslara qatılmadıqda, onlara əlavə üstünlük qazandıracaq bilik və bacarıqlara malik olmurlar. Universitetlər müasir əmək bazarında rəqabətə davamlı və bacarıqlı kadr hazırlamalıdırlar. Təhsil siyasəti və bilik müasir trendlərə uyğunlaşdırılmalı, daha çox praktiki təlimlər, staj proqramları və əmək bazarının tələblərinə uyğun kadrlar hazırlanmalıdır. Təcrübə proqramları, təlimlər və işəgötürənlərlə əməkdaşlıq proqramları məzunlara iş təcrübəsi qazandıraraq, onları daha cəlbedici edir. Bu mənada universitetlər yerli və xarici şirkətlərlə əməkdaşlığa maraqlı olmalı, praktiki yöndə işlər aparılmalıdır. Universitet məzunlarına, yalnız öz sahələrində deyil, həm də kompüter və dil bilikləri kimi, əlavə bacarıqları inkişaf etdirməlidir".
Ekspert qeyd edir ki, ölkəmizdə tam əmək bazarının tələblərinə uyğun da kadr hazırlığı həyata keçirilmir: "Bəzi sahələrdə çox sayda məzun olduğu halda, iş yerləri məhdud olur. Bu da tələbələr arasında yüksək rəqabətə gətirib çıxarır. Həmçinin məzunların öz sahəsi üzrə işləməməsi də həmin ixtisası bitirənlər arasında çətinlik yaradır. Məsələn, Azərbaycanda mətbuat sahəsində jurnalistika ixtisasını bitirməyən minlərlə şəxs çalışır ki, bu da bu sahəni bitirən məzunların iş tapmasını çətinləşdirir. Bir sahə üzrə kadrların çoxluğu iqtisadi problemlərə də yol açır. Buna əsasən aşağı əməkhaqqı, iş və yaşayış şəraitinin aşağı olması daxildir.
Statistik məlumat üçün qeyd edim ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında 2018-2021-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən 11 universitetin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib. Sistemə 45 mindən artıq məzunun məlumatları daxil edilib. Qeyd olunan məzunların 57%-ə yaxını, və ya təxminən 26 min nəfər işlə təmin olunub. 99 nəfər fərdi sahibkarlıqla məşğul olur, qalanı işlə təmin olunmayanlardır. Bu hələ işin görünən yaxşı tərəfidir".
Müəllif: Nuray Paşşanlı