Azərbaycan Aktauda "Türk dünyasının mədəniyyət paytaxtı-2025”in açılış mərasimində təmsil olunub. Mədəniyyət Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə TÜRKSOY, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri, türk dövlətlərindən müvafiq sahə üzrə rəsmilər, Qazaxıstanın Mangistau vilayəti və Aktau şəhəri hakimliyinin nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərliyi ilə geniş nümayəndə heyəti iştirak edib. Rəsmilərin çıxışlarından sonra Türk dünyası incəsənət ustalarının iştirakı ilə möhtəşəm qala-konsert olub.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı milli rəqslər, estrada müğənnisi İlkin Dövlətov, aşıq Qəlbinur İbrahimli və tarzən İsmayıl Zülfüqarov müxtəlif mahnılar ifa ediblər. Eyni zamanda Azərbaycanın tətbiqi sənət ustaları Gülnar İsmiyeva (təkəlduz), Mətanət Mirzəliyeva (kəlağayı) və Nəzər Əliyev (misgərlik) qədim əl sənəti nümunələri təqdim ediblər.
Murad Hüseynov tədbir çərçivəsində TÜRKSOY-un baş katibi Sultan Rayevlə görüşüb. Görüşdə Azərbaycanla TÜRKSOY arasında əməkdaşlıq məsələləri müzakirə olunub, həyata keçirilən tədbirlər, gələcək birgə layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda "mədəniyyət paytaxtı" ili ərzində təşkilat tərəfindən Aktauda planlaşdırılan fəaliyyətlər haqqında məlumat verilib.
Qeyd edək ki, Aktau şəhəri 2025-ci il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" statusunu 2024-cü ilin noyabrında Türkmənistanın Anev şəhərindən təhvil alıb.