Qəbələ-Xankəndi ultramarafonunda ilk mərhələyə yekun vurulub. SİA xəbər verir ki, Qəbələdə start götürən ultramarafon iştirakçıları Ağdaşadək 55 kilometr məsafə qət ediblər.
İlk mərhələnin qalibi türkiyəli atlet Üzeyir Söyləməz olub. İkinci yeri onun həmyerlisi Ömər Alkanoğlu, üçüncü yeri isə gürcüstanlı Giorgi Lomidze tutub.
Qadınlardan isə Ukrayna təmsilçisi Olena Şevçenko ən yaxşı nəticəni göstərib. Türkiyədən olan Hasibe Demir ikinci, moldovalı Svetlana Şepelyova üçüncü yerdə qərarlaşıb.
Ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var.
“İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən marafonun iştirakçıları 192 kilometr məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar.
Qeyd edək ki, ultramarafon iştirakçıları bundan sonra Ağdaş-Bərdə (65 kilometr), Bərdə-Ağdam (44 kilometr), və Ağdam-Xankəndi (28 kilometr) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.