“Texnologiyanın inkişaf etdiyi, süni intellekt və innovasiyalar dövründəyik. İnternetin icadından sonra dünyada çox şey dəyişdi”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.
Ramal Əliyev sözlərinə belə davam edib: “Süni intellektin kəşfindən sonra isə bu dəyişiklik sürətləndi. Böyük zavod və fabriklərdə insan əməyinə olan ehtiyac kəskin azaldı. Nəinki zavod və fabriklərdə, həmçinin məişətdə istifadə olunan avadanlıqlara da ehtiyac azaldı və bunlar daha müasir texnologiyalarla əvəz edildi. Bunlardan biri də ev telefonlarıdır ki, artıq demək olar ki, ona ehtiyac yoxdur. Bunun ən əsas səbəbi, mobil telefonların icadı ilə ev telefonunun yerini doldurmasıdır.
Mobil telefonun istifadəsi daha rahatdır, insan onu hər yerdə daşıya bilər. Ev telefonunda sadəcə zəng edib səsli danışmaq mümkündür, amma mobil telefonda bir neçə sosial şəbəkənin zəng və mesaj bölmələri mövcuddur. Bundan əlavə, ev telefonunda görüntülü danışıq mümkün deyil, amma mobil telefonla sosial şəbəkələr və müxtəlif proqramlar vasitəsilə video zənglər etmək mümkündür. Təbii ki, bu cür alternativlərdən sonra ev telefonunun aktuallığı demək olar ki, itdi. Bu da tamamilə normaldır, çünki insanlar daha rahat, əlçatan və effektiv vasitələrdən istifadə edirlər, heç kəs daha qədim və əlverişsiz olan vasitələrə qayıtmaq istəmir”.
Ayşən Vəli