İsti havalarda necə qidalanmalıyıq? - İZAH EDİLDİ

9 Aprel 2025 11:54 (UTC+04:00)

"Havalar istiləşir, bədən də bu dəyişikliyə reaksiya verir". Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib.

Onun sözlərinə görə, iştaha azalır, tez yoruluruq, halsızlıq hiss edirik: "Amma düzgün qidalanma ilə özümüzü çox rahat hiss edə bilərik.

1. Su qəbulu vacibdir - Səhər oyanan kimi 1 stəkan ilıq su içmək vərdiş olsun. Gün ərzində də mütləq 2,5 - 3 litr qazsız su içirik. Bədəni susuz qoymaq olmaz.

2. Yüngül yeməklər seçirik - Qızartmalardan, çox yağlı yeməklərdən qaçırıq. Sobanı, buxarı, qril üsulunu seçirik. Tərəvəz yeməkləri, göyərtili salatlar əla seçimdir.

3. Təzə göyərtilərdən istifadə edirik - İndi aprel ayıdır, şükür göyərti boldu: keşniş, şüyüd, kərəviz, yaşıl soğan, ispanaq. Bədənə vitamin verir, enerji qatır.

4. Zülal qəbulunu unutmuruq - Toyuq filesi, balıq, yumurta, kəsmik bu dövr üçün ideal qidalardır. Enerji verir, əzələ zəifliyinin qarşısını alır.

5. Minerallara diqqət - İstilik artanda bədən mineral itirir. Ona görə yeməklərdə azca təbii duz istifadə edə bilərik. Eyni zamanda qatıq, ayran kimi məhsullar da mineralları tamamlayır.

6. Yemək saatlarını düzgün seçirik - İsti vaxtda iştaha olmur deyə, yeməkləri ya səhər tezdən, ya da axşam sərin vaxtda yeməyə çalışırıq.

Yadda saxlayırıq: ac qalmaq olmaz! Sadəcə bədəni yormadan, yüngül və balanslı yeməklərlə özümüzü dəstəkləyirik".