"Mədəniyyətin öz xarakterində və fəlsəfəsində kommersiyalaşma, yəni pul qazanmaq anlayışı var. Nə qədər qəribə səslənsə də, bu belədir. Çünki hazırda bütün dünyada “kreativ sənət”, “kreativ biznes”, “kreativ mədəni sənaye” kimi ifadələr geniş şəkildə işlədilir. Bu anlayışlar kino filmlərindən, teatr və musiqi əsərlərindən tutmuş, televiziya verilişləri, kliplər və digər sahələri də əhatə edir. Azərbaycanda da bu mənzərəyə daxildir — məsələn, toy mədəniyyəti, toy mərasimlərində baş verən hadisələr və s". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, Sovet dönəmində mədəniyyətə daha çox ideoloji silah kimi yanaşılırdı: "Xatırlasaq, o dövrdə ədəbiyyatda kolxozlaşma, “qolçomaqlıqla mübarizə” kimi ideoloji mövzular ön planda idi. Ancaq dünyada bu yanaşma fərqlidir. Mədəni əsərlər yaradılırsa, buna görə qonorarın alınması, müəlliflik hüquqları və əlaqəli hüquqların qorunması ciddi şəkildə təmin olunur. Əgər mədəniyyət və incəsənət sahələri maddi gəlir gətirmirsə, onlar inkişaf edə bilmir.
Bəzi mədəni sahələr ola bilər ki, onların inkişafı üçün dövlət dəstəyi, qeyri-hökumət təşkilatları və ya xeyriyyəçilərin maliyyə dəstəyi lazım gəlsin. Məsələn, Avropa, ABŞ və Türkiyədə xeyriyyəçilər var ki, öz adlarına fondlar yaradır və həmin fondlar vasitəsilə gənc yazıçılara, rəssamlara, sənətkarlara, kinoya dəstək verirlər".
Yazıçı qeyd edir ki, mədəniyyətin maliyyələşdirilməsi üçün alternativ yollar da mövcuddur: "Məsələn, Türkiyədə ümummilli lotereya keçirilir və onun gəlirinin bir hissəsi dövlət nəzarətində olmaqla mədəniyyətin və sənətin inkişafına yönəldilir. Hətta bu barədə TV-lərdə, KİV-lərdə və lotereyanın rəsmi saytında aylıq elanlar verilir. İsveç də bu sahədə maraqlı addım atıb. Bu yaxınlarda orada keçirilən referendum nəticəsində beynəlxalq video və TV platformalarından — məsələn, Netflix kimi xidmətlərdən əldə olunan gəlirin 4–6%-i kinonun inkişafına yönəldilməsinə qərar verildi. Azərbaycanda da, TV və kino sənayesi ilə bağlı müəyyən layihələr mövcuddur və bunlar dövlət tərəfindən maliyyələşdirilir. Bu, dəyərli sənət əsərlərinin yaranmasına dəstək olsa da, bəzən dövlət qurumlarının senzurası sənət azadlığına mənfi təsir edir və nəticədə sənətdə itkilər yaşanır".
Həmçinin onun sözlərinə görə, Azərbaycanda kommersiya şirkətləri də konsert və kinoların maliyyələşdirilməsində iştirak edirlər: "Bu isə bir tərəfdən müsbət olsa da, digər tərəfdən bəzən sənət əsərlərinin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bütün bunların fonunda biz ortaq – “qızıl səddi” tapa bilərikmi? Əsas məsələ budur. Bəli, incəsənət və mədəniyyət azad ruh tələb edir. Məsələn, qapalı ölkələrdə — İran və digər ölkələrdə mədəniyyət sahələri rejimə qarşı etiraz vasitəsi kimi də istifadə olunur. Azərbaycan isə demokratik, sosialyönümlü, Avropa tipli bir ölkədir. Bizdə qlobal problemlərə toxunan mədəni əsərlər — ekologiya, qadın hüquqları, ailədaxili zorakılıq və s. mövzularda seriallar, filmlər, tamaşalar yaradılır. Fikir versəniz, hazırda yayımlanan serialların əksəriyyəti məhz bu mövzulara toxunur. Lakin reallıq budur ki, mədəniyyətin kommersiya xarakteri olmalıdır. Təəssüf ki, teatrlarımız, muzeylərimiz hələ də pul qazana bilmir. Kitabxanalar bərbad vəziyyətdədir. Mədəniyyət Nazirliyi kənd kitabxanalarının və xalq teatrlarının bağlanması ilə bağlı tez-tez hesabat verir".
Həmçinin kulturoloq deyir ki, Azərbaycanda dövlət dəstəyi ilə fəaliyyət göstərən bir çox mədəni ocaqlar artıq zəifləyib: "Məsələn, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası vaxtilə Qafqazın ən böyük kino studiyalarından biri idi. Amma indi həmin ərazidə müharibə sonrası dağıntıları xatırladan mənzərələr müşahidə olunur. Niyə bu kommersiyalaşdırılmır? Niyə özəl şirkətlərə icarəyə verilmir? Halbuki, dünyada beynəlxalq kino studiyaları var ki, müxtəlif ölkələrdə film çəkmək istəyirlər. Kommersiyalaşma pis olsaydı, bu gün bir çox dövlət qurumları və universitetlər də özünü maliyyələşdirmə sisteminə keçməzdi. Rəssam əsərləri niyə satılmasın?
Əgər süni intellekt və avtomatlaşdırma dövrünə daxil olmuşuqsa və artıq fabrik və zavodlarda insan əməyinə ehtiyac azalırsa, bu halda işsiz insanları biz kreativ sənayeyə, xidmət sahələrinə, ədəbi, bədii, estetik və mədəni məhsulların yaradılmasına yönəltməliyik. Bu sahələr təkcə iqtisadiyyatın inkişafına deyil, həm də yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bu tendensiya artıq bütün dünyada müşahidə olunur. Hazırda ən sürətlə inkişaf edən sahələr məhz kreativ sənaye, mədəniyyət və xidmət sahələridir. Biz də bu sahəni daha çox kommersiyalaşdıraraq beynəlxalq turizmi inkişaf etdirə bilərik".
Müəllif: Günel Fərzəliyeva