İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

7 Aprel 2025 15:21 (UTC+04:00)

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 6-da DSX Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin şübhəli hərəkəti müşahidə edilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 5 kiloqram 718 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirməyə cəhd göstərən Ağdaş rayon sakinləri – 1993-cü il təvəllüdlü Baxşəliyev Baxşalı Kamil oğlu və 1996-cı il təvəllüdlü Kərimov İlqar İlham oğlu saxlanılıb.

DSX-dən həmçinin bildirilib ki, mart ayının 25-də sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 22 kiloqram 400 qram narkotik vasitə marixuana və 490 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.